Xəbərlər

09.05.2013
9 may faşizm üzərində QƏLƏBƏ GÜNÜ

 

İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Kiçikdən böyüyə qədər o illərin dəhşətini şahidlərdən eşidərək yaddaşında nəsildən nəsilə ötürməkdədir. SSRİ dövründə yaşamış insanların zehnində isə bu məqam xüsusilə özünəməxsus bir yer tutur. Məktəb vaxtlarında dərsliklərdən oxuduğumuz və yaxud müharibənin dəhşətlərini yaşamış insanlardan eşitdiklərimiz bir ömür xatirimizdən silinməyəcək. Bununla yanaşı o şərəfli yolu keçmiş insanlara qarşı qəlbimizdə yer tutan hörmət və məhəbbət hər zaman təravətini qoruyacaq.

Böyük Vətən müharibəsi illərində (1941-1945) xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri ortaya qoymuşdur. Respublikada çox az müddət ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı.Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə dünya tarixinə qızıl hərflərlə yeni səhifələr yazmışlar. Bu fədakarlıqlarla yanaşı iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər də görülürdü. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilmişdi. Hər sahədə olduğu kimi neftçilərimiz də öz sahələrində zəhmət və əziyyətləri ilə qəhrəmanlıq səlnamələri yaratmışlar. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

“Qələbə Günü” haqda danışarkən, bu qələbə finalının necə çətinliklə gəlib çatması barədə danışmamaq olmur. Sovet qoşunlarının Prusiya və Polşa ərazilərində irəliləməsi 1945-ci ilin yanvar ayına təsadüf edir. Müttəfiq qoşunları da eyni zamanda Berlinə tərəf hərəkətdə idi. Bir çox tarixçi ekspertlərin fikrincə, 1945-ci ilin aprel ayının 30-da Hitlerin intiharından sonra Almaniyanın tam məğlubiyyəti bütün açıqlığı ilə məlum idi. Buna baxmayaraq “nasist” qoşunları silahı yerə qoymurdular. Berlin uğrunda gedən qanlı döyüşlərdən sonra isə Sovet İttifaqı və Müttəfiq qoşunları insanlara baha başa gələn tam qələbə əldə olundu. Hər iki tərəf 100 minlərlə itki verdi və mayın 2-də Berlin şəhəri kapitulyasiya etdi. Bunun ardınca Almaniya tam olaraq təslim oldu. Beləliklə, may ayının 9-da Almaniya kapitulyasiya sənədlərinə imza atdıqdan sonra döyüşlər davam etsə də, bu gün qələbə günü kimi qəbul edilməyə başladı. Imzalanmış sənəd alman əsgərlərinin silahı yerə qoymalarını tələb edirdi. 3-cü Reyxin qoşun dəstələrinin hamısı heç də bununla razılaşmaq istəmirdilər. Alman zabitləri hərbi fəaliyyətlərini əsirlikdə bitirmələrini arzulamadıqlarından təslim olmaq istəmirdilər. Lakin bu qaçılmaz idi.

Maraqlı burasındadır ki, qərbdə qələbə günü kimi may ayının 8-i qeyd olunur. Belə ki, kapitulyasiya haqqında sənəd Mərkəzi Avropa vaxtı ilə 8 may 22:43-də imzalanmışdır. Bəlkə də, bunun belə olması daha yaxşıdır. Çünki, postsovet məkanı ilə qərb dövlətlərində bu bayram günü fərqli anlamda qəbul edilir. Qərbin yanaşması sırf bu qələbədə onların da iştirak etmələri olsa da, lakin bizim dövlətlərdə Sovet əsgərlərinin, o cümlədən xalqımızın oğul və qızlarının qəhrəmanlıqlarının yad edilməsi kimi qəbul olunur.

Buna qədər radioda rəsmən 9 may tarixinin qələbə günü kimi elan olunmasına baxmayaraq qələbəni ilk dəfə 1945-ci ilin iyun ayının 25-də qeyd ediblər. Möhtəşəm qələbə gününə həsr edilmiş tarixi tədbir Konstantin Rokossovskinin rəhbərliyi altında hərbi paradla başlamışdır. Paradı qəbul edən isə 20-ci əsrin ən məhşur komandanlarından biri Georgi Konstantinoviç Jukov idi. Hərbi parad 200 bayraqdarın Mavzoley önündə alman bayraqlarını ayaq altına atmaları ilə başa çatmışdır. Bununla da sovet ordusunun tam qələbəsi nümayiş etdirilmişdir. Başqa şəhərlərdə isə qələbə gününə həsr edilmiş atəşfəşanlıq keçirilmişdir. Bayramın bu cür qeyd olunması çox uzun çəkmədi. 1947-ci ildə 9 may adi günlər kimi - iş günü kimi tanındı. Bu da hərbi paradın və daha iri planlı tədbirlərin keçirilməsinin avtomatik olaraq ləğvi demək idi. Bəzi tarixi sənədlərə inansaq, o vaxtkı ölkə rəhbərliyi müharibədən usanmış xalqın 5 illik qanlı hadisələri yaddan çıxarmasını əsas tutaraq bu addımı atmasının şahidi olarıq. Yalnız 1965-ci ildə qələbənin 20 illiyində 9 may ümumxalq bayram kimi qəbul edildi. Sovet İttifaqına daxil olan respublikaların özləri hərbi paradlar və geniş tədbirlər keçirməyə başladılar. Tədbirlərdə ənənəvi olaraq atəşfəşanlıq özünəməxsus yer tutmaqda idi. Sovet İttifaqının süqutu özü ilə bərabər siyasi müstəvidə fikir ayrılıqları gətirdi. Dövlətlərin müstəqillik əldə etmələri və siyasi rəngarənglik fonunda xalq bayramlarının keçirilməsi kölgədə qalmışdı.

Bu mövzuda yazının sonunda bir daha o illərdə bütün dəhşət və çətinliklərə baxmayaraq vətən torpaqlarını qoruyanları, bu yolda canlarından keçənləri yad etməyi özümə borc bilirəm. Dəhşətli müharibənin qurbanları haqda indiyə qədər dəqiq məlumatlar yoxdur. Müxtəlif tarixçilər 15-28 milyon arası ancaq hərbiçinin öldüyünü deyirlər. İndi düşünün ki, dinc əhali nə qədər qurbanlar verib. Bu ağlasığmaz dərəcədə böyük rəqəmlərdir. Təəssüflər olsun ki, bu heç zaman məlum olmayacaq. Bu indi o qədər mühüm də deyil. Mühüm olanı odur ki, indi insanlar bu tarixə növbəti istirahət günü kimi baxmasınlar.