Bitmiş layihələr

Naftalan rayonu

Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.
Naftalan şəhərinin əsasını Sanatoriya – Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Elmi-tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də, 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır.
Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q. Məmməd Əliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və Tibb Elmlər doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.
Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSR-i Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP.MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan Kurort şəhəri kimi daha da böyümüş, maddi texniki bazası daha da möhməkmləndirilmiş və şəhərdə 480 yerlik “Mil”, 480 yerlik “Azərbaycan”, 580 yerlik “Şirvan”, 560 yerlik “Çinar”, 800 yerlik “Goran” sanatoriyası tikilmişdir.
Demək olar ki, Naftalan tamamilə yenidən qurulur. Belə ki, şəhərin elektrik şəbəkəsi yenilənmiş, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanaları tikilmiş və yeni istilik qızdırıcıları quraşdırılmış, şəhərdaxili, binadaxili və şəhərin digər yaşayış massivlərinin qaz xətləri yenilənmiş, şəhərin su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssələrinin yenidən qurulması və tikintisi davam etdirilir

Naftalan haqqında rəvayət 

Qərbdən Şərqə gedən ağır dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi. Karvanın içərisində xəstə bir dəvə var idi. Karvan sahibi bu dəvəni sağaltmaq üçün nə etdisə də kar etmədi. Dəvə get - gedə zəifləyir və karvanı yolda ləngidirdi. İçərisində yağla dolu göllər olan bir ərazidən keçəndə karvan sahibi dəvəni açıb buraxdı və dedi :
Bu heyvanın belə əziyyət çəkməsindənsə elə bu göllərin birində boğulub ölməsi yaxşıdır.
Karvandan açılan dəvə sahibinin sözlərini başa düşürmüş kimi özünü yaxındakı göllərin birinə saldı. Karvan isə ağır – ağır uzaqlaşırdı .
Aradan xeyli vaxt keçdi ...
Dəvə karvanı geri qayıdırdı. Həmin göllər olan ərazidən keçəndə bir dəvə ilə rastlaşdılar. Karvan sahibi bu yerlərdə qoyub getdiyi xəstə, arıq dəvəni xatırladı. Amma bu dəvə sap – sağlam idi, dərisindən yağ damırdı. Dəvəni izləməyi qərara aldılar, gördülər ki, dəvə gündə bir neçə dəfə o yağlı göllərə girib çıxır və günün qabağında uzanır. Karvandakı tacirlər də göllərə yaxınlaşıb göldəki yağdan götürərək əl - ayaqlarındakı yaralara çəkdilər. Yaraların tezliklə sağaldığını görən tacirlər həmin yağdan qablara doldurub öz vətənlərinə daşımağa başladılar. Neftə bənzəyən bu yağa və göllər yerləşən bu əraziyə də “ Naftalan ” yəni “neft olan sahə , yer ”adı verdilər.