Bitmiş layihələr

Səməd Vurğun ev muzeyi

 

 13 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında" Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Xalq şairi Səməd Vurğunun Bakı şəhərində yerləşən (Tərlan Əliyarbəyov küçəsi, 6) ev-muzeyinin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu tərəfindən maliyyələşdirilmişdir.

 

Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun (1906-1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindədir.

Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur.

Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur.

Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılmışdır.

Şairin iş otağı - kabineti. Hər şey sadə, hər şey adi. Yazı stolu, stullar, kitablarla dolu şkaflar. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyiyindən üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulmuşdur.

Şairin qonaq otağı onun sağlığında olduğu kimi qorunub saxlanılır. Otaqdakı royal da böyük marağa səbəb olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa etmişlər.

Qonaq otağında həmçinin 1944-cü ildə xalq rəssamı Mikayil Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayış etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunmuşdur.

Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın 27-də axşam saat 8:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırmışdır.

Memorial otaqlarından sonuncusu şairin yataq otağıdır. Burada da hər şey sağlığında olduğu kimi qorunub saxlanılır…